"Qədim musiqi alətləri" ansamblının bədii rəhbəri Məcnun Kərimov vəfat edib
3.10.2013

“Qədim musiqi alətləri” Dövlət ansamblının yaradıcısı və bədii rəhbəri Məcnun Kərimov vəfat edib.

M. Kərimovun qohumu Adil Kərimovun verdiyi məlumata görə, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən M. Kərimov bu gün saat 19.00 radələrində 68 yaşında dünyasını dəyişib.

M. Kərimovla vida mərasimi sabah saat 12.00-dan 15.00-dək Bakı Musiqi Akademiyasında keçiriləcək. O, Bibiheybət qəbiristanlığında – valideynlərinin yanında dəfn olunacaq.

Məcnun Təbriz oğlu Kərimov 1 sentyabr 1945-ci ildə Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində anadan olub.

1972-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının «Xalq çalğı alətləri» şöbəsini bitirib.

1991-ci ildən Bakı Musiqi Akademiyasının «Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi» elmi laboratoriyasının müdiri vəzifəsində çalışıb.

1995-ci ildə «Azərbaycanın qədim simli çalğı alətləri» (tarixi-nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə edib, sənətşünaslıq namizədidir.

1996-cı ildə «Qədim musiqi alətləri» Dövlət ansamblını yaradıb və ansamblın bədii rəhbəri olub.

1998-ci ildən Bakı Musiqi Akademiyası «Xalq çalğı alətləri» kafedrasının dosenti idi.

APA