Bu gün azərbaycanlı zəvvarlar ilk qrupu Həcc ziyarətinə yola düşüb. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, bu gün 2 qrup zəvvar Həcc ziyarətinə yola düşür: "Saat 8-də ilk qrup Heydər Əliyev Beynəlxalq Aeroportundan çarter reysi ilə yola düşüb. İkinci qrup isə saat 10:00-da yola salınacaq".
Ümumilikdə bu gün hər təyyarədə 210 nəfər olmaqla 420 zəvvar yola salınır. Zəvvarlarımızız aparan təyyarələr Ciddə hava limanına enəcəklər.
Qeyd edək ki, zəvvarların yola salınması oktyabrın 8-dək davam edəcək. Ümumilikdə bu il zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq.
Qafqaz Müsəlmanları İdarəsində bildirirlər ki, bu ilki ziyarətdə qiymətlər iki cürdür. Nisbətən zəif şəraitli, gəzintilərin təşkili və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli, əlavə xidmətlərin olduğu və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.
ANS PRESS