“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışı olmuşdur - FOTO
3.10.2013

Oktyabrın 2-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi ki, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi Azərbaycan Respublikasının hava məkanında və bütün aeroportlarında uçuşların idarəedilməsi ilə məşğuldur. Bu idarə Azərbaycan Respublikasının quru və su sərhədlərinə, ümumilikdə, 165,4 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə edir. Qurum tərəfindən xidmət göstərilən hava dəhlizinin uzunluğu 8 min kilometrdən çoxdur.


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksində aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə də tanış oldular.

Yeni terminalın binasında müasir eskalatorlar və sərnişin liftləri quraşdırılmışdır. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklərin tətbiqi həyata keçiriləcəkdir. Müasir görünüşü ilə də diqqəti cəlb edəcək yeni aerovağzalda sərnişinlərə xidmət ən yüksək tələblər səviyyəsində olacaqdır. Ən son avadanlığın tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradacaqdır. Aerovağzal binasının ərazisində eyni vaxtda 8 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılacaqdır.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni “Airbus-340” təyyarəsinin salonuna baxdılar.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.

AzerTAc