Yapon mütəxəssislərin hazırladığı eynək turistlər üçün tərcüməçini əvəz edəcəkdir
4.10.2013

Öz möcüzələri ilə dünyanı heyran qoyan Yaponiyanın qonaqları üçün dil problemi tezliklə aradan qalxacaqdır. Belə ki, yüksək texnologiyaların vətəni kimi tanınan bu gündoğar ölkə 2020-ci ilin Tokio Yay Olimpiya Oyunlarınadək tərcüməçi eynəklərin istehsalını planlaşdırır. Yeni qurğu istənilən sənədi, məsələn, restorandakı menyunu sürətlə tərcümə etməyə imkan verəcəkdir.
NTT DoCoMo şirkətinin hazırladığı son qurğuda kamera və kompyuter elə yerləşdirilmişdir ki, istifadəçi əslində baxdığı mətni görmür. Bu eynəklərin əsas funksiyalarından biri ondan ibarətdir ki, istifadəçinin ana dilində olan yazı orjinalı tam bağlayaraq, menyudakı yazını anlamağa imkan yaradır. Bu kəşf restoranlarda əcnəbi dildə menyunun olmadığı gündoğar ölkəyə gələn xarici turistlər üçün əsil hədiyyədir.
Simvolların dərhal tanınmasını təmin edən texnologiya istifadəçiyə naməlum dildə olan menyunu və ya hər hansı bir sənədin məzmununu anlamağa kömək edir. Layihənin müəllifi olan DoCoMo şirkəti ağıllı eynəyi CEATEC sərgisində təqdim etmişdir.
Ziyarətçilərin qənaətinə görə, avtomatik tərcümənin keyfiyyəti arzu edildiyindən aşağı olsa da, bunun əcnəbi turistlərə böyük köməyi olacaqdır.
Eynəyin digər bir xüsusiyyəti onun istənilən düz səthdə yerləşən mətni sensorlu ekrana ötürməsidir. Bunun üçün lazımi ikonikaları seçmək və əli onların üzərində gəzdirmək kifayətdir. Beləliklə eynəyin istifadəçisi gördüyü istənilən “teqlərə” toxunmaqla onların İnternetdə axtarışı komandasını verə bilər.
Bundan əlavə, super eynək insanları tanımaq qabiliyyətinə malikdir ki, bu da ümumi məlumatlar bazasında həmsöhbətiniz haqqında informasiyanı tapmağa imkan verəcəkdir.
Qurğunun kütləvi istehsala buraxılması vaxtı və qiyməti barədə hələlik məlumat verilmir.

AzərTac