Azərbaycanda "iphone" smartfonlarının satışı başladı
4.10.2013

Dünyanın bir sıra ölkələrində sentyabrın 20-dən satılmağa başlanan "İphone 5 S" və "İphone 5 C" smartfonları artıq Azərbaycana da gətirilib. Şəhərin bütün telefon dükanlarında olmasa da aparıcı mağazalarda bu modelləri əldə etmək mümkündür.

"Apple" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi olan Almastor dükanlar şəbəkəsinin internet səhifəsində İphone 5S-in satıldığı göstərilib. Burdakı məlumata görə, yaddaş tutumundan asılı olaraq İphone 5S 959, 1049, 1149 manatadır. Amma Applestore mağazalarında İphone 5 S-in hələ satılmadığını dedilər.

Paytaxtın digər telefon dükanında isə bildirdilər ki, "İphone"nun ən son modelləri ölkəmizə sentyabrın 27 -sindən gətirilməyə başlayıb və satışda problem yoxdur.

Qiymətlərə gəlincə, 16 Gb 957, 32 Gb 999 manat, 64 Gb isə 1040 manata təklif olunur. Müqayisə üçün Avropaya nəzər salsaq burda qiymətlər manatla ifadə etsək 746 manatdan başlanır. Amerika Birləşmiş Ştatlarının özündə isə 509 manatdan start götürür.

Maraqlıdır ki, Apple-in 5 S-lə eyni gündə təqdim etdiyi 5 Si smartfonuna Azərbaycanda maraq azdır. Baxmayaraq ki, bu model digərindən daha ucuz, 649 manata satılır. Mütəxəssislər bunu smartfon alanların əsasən bu cihaza bir prestij elementi kimi yanaşması ilə izah edirlər. Çünki İphone 5S və Si-nin demək olar ki, bütün funksiyaları eynidir.

ANS PRESS