Xalq yazıçısı Elçinin “Şekspir” əsəri İstanbulun ən böyük teatrlarından olan İstanbul Bələdiyyəsi Şehir Tiyatrolarında yaxın vaxtlarda nümayiş olunacaq.
Bu barədə teatrın azərbaycanlı əməkdaşı Məlahət Abbasova məlumat verib.
Tamaşaya rejissorluq edən həmvətənimiz qeyd edib ki, artıq ilk məşqlər başlayıb:
“4 il əvvəl bizim teatr Elçinin "Qatil" əsəri - yəni "Ulduzlar altında cinayət" tamaşası ilə Bakıda “Üns” teatrında oynamışdı. O zaman teatrın rəhbəri Nərgiz Paşayeva da tamaşanı izləmişdi. Sonra bizim kollektiv sözügedən teatrın hazırladığı Elçinin “Şekspir” tamaşasını izlədi. Tamaşaya Bəhram Osmanov rejissorluq etmişdi”.
Məlahət xanım deyib ki, həmin tamaşadan sonra onlar “Şekspir” əsərini Türkiyədə səhnələşdirməyi qərara alıblar:
“Teatr rəhbərliyi tamaşadan o qədər təsirlənmişdi ki, bizə tapşırıq verildi ki, əsəri Türkiyədə də səhnələşdirək. Və biz İstanbula dönən kimi teatrın ən istedadlı dramaturqu Hilmi Zafer Şahinlə "Şekspir" əsərini türkcəyə çevirdik. Hazırda məşqlərə başlamışıq. Çox güclü aktyor truppası var. Sezai Aydın, Selma Kutluğ, Elçin Atamgüç, Hakan Arlı, Nevzat Çankaya, Murat Çoşkuner, Özgür Dağ kimi dəyərli və tanınan aktyorlar tamaşada rol alacaq”.
publika.az