Teleseriallar turistləri Böyük Britaniyaya cəlb edir
8.10.2013

Böyük Britaniyaya gələn turistlərin əksəriyyəti bu ölkədəki qəsrlərə və malikanələrə, xüsusən populyar kinofilmlərdə və teleseriallarda göstərilən hadisələrin cərəyan etdiyi yerlərə baxmaq istəyirlər.
VisitBritain saytının jurnalistləri bu qənaətə gəlmişlər ki, Krallığa gələn qonaqların 30 faizindən çoxu bu ölkədə olduğu müddətdə mədəni irsə aid elə obyektlərin ən azı birinə baş çəkir.
Təbii ki, turistlər bu və ya digər qəsrə tamaşa etməyə çox vaxt bu barədə öz dostlarından eşidəndən və ya bələdçi kitablarda həmin qəsr barədə oxuyandan sonra gedirlər. Lakin turistlərin arasında məhz kinoda göstərilməsi sayəsində məşhurlaşmış qəsrlərə və tikililərə baxmaq üçün buraya gələnlər də az deyildir.
Berkşirdə yerləşən Haykler qəsri buna əyani misaldır. Bu qəsr “Daunton abbatlığı” serialından sonra turistlər arasında qeyri-adi dərəcədə məşhurlaşmışdır.
Başqa bir misal: Harri Potter haqqında filmlərin bəzi səhnələri İngiltərənin şimalında yerləşən Alnik qəsrində çəkilmişdir. O vaxtdan buraya gələn səyahətçilərin sayı-hesabı yoxdur. 2011-ci ildən bəri bu qəsrə turist axını 230 faiz artmış, nəticədə Britaniya iqtisadiyyatına 9 milyon funt sterlinq xeyir dəymişdir.

AzərTac