“Eurovision-2012” müsabiqəsinin İşçi Qrupu Bakıda keçiriləcək yarışma ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün növbəti kastinqlər keçirəcək
13.1.2012

“Eurovision” Mahnı Müsabiqəsinin İşçi Qrupu may ayında Bakıda keçiriləcək yarışma ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün növbəti kastinqlər keçirəcək. İşçi Qrupundan verilən məlumata görə, seçimlər fevralın 4-də saat 12:00-dan 20:00-dək Bakı Biznes Mərkəzində aparılacaq.
Xatırladaq ki, yanvarın 6-da keçirilən ilk kastinqlərdə 388 nəfər iştirak edib. Hazırda bu şəxslərin fotolarına baxılır. Yanvarın 6-da seçimlərə gələn şəxslər fevralın 4-də keçiriləcək kastinqlərə dəvət edilmir. Hər iki kastinqin cavabı isə fevral ayının 15-dək açıqlanacaq. Seçimlərdən keçən şəxslərlə əlaqə saxlanılacaq və onlar video çəkilişə dəvət olunacaqlar.
Kastinqin keçirilməsində məqsəd “Eurovision” Mahnı Müsabiqəsinin tanıtım video-çarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və bu müsabiqəsində hamının yaxından iştirakına imkan yaradılmasıdır.