“Sport-Ekspress”: Rusiya üzərində qələbəyə görə azərbaycanlı futbolçulara 100 min manat mükafat vəd olunub
14.10.2013

Rusiyanın nüfuzlu “Sport-Ekspress” nəşri bu ölkənin futbol yığmasının oktyabrın 15-də Bakıda Azərbaycan millisi ilə oyundan əvvəl yaranmış ajiotaja geniş məqalə həsr edib.
“Sport-Ekspress”in yazarı Dmitri Zelenov “Azərbaycan: Rusiyanın soyulması üçün $ 1 400 000” adlı məqaləsində azərbaycanlı futbolçuların ruslar üzərində qələbəyə görə stimullaşdırılmasından yazıb:

“Azərbaycan psixoloji müharibəyə başlayıb. Oyunçular, veteranlar və jurnalistlər Rusiyanın ünvanına aşkar provokasiya xarakterli açıqlamalar verirlər.

Yerli mətbuatın yazdığına görə, federasiya Kapello və komandası üzərində qələbəyə görə ağlasığmaz həcmdə mükafat müəyyənləşdirib: hər futbolçuya 100 min, başqa sözlə, 127 min dollar.

Beləliklə, Azərbaycan yığmasının start heyətində yer alacaq 11 futbolçu çərşənbə axşamı üç xalı götürəcəkləri təqdirdə, birlikdə 1 milyon 397 min dollar qazanacaqlar”.

gun.az