Çin Xalq Respublikasında tələbələrin ənənəvi beynəlxalq mədəniyyət festivalı başlamışdır - FOTO
14.10.2013

Çin Xalq Respublikasında tələbələrin ənənəvi beynəlxalq mədəniyyət festivalı başlamışdır.

Müxtəlif ölkələrdən olan tələbələrin mədəni əlaqələrini asanlaşdırmaq və ali təhsilin qloballaşdırılmasını təşviq etmək məqsədi daşıyan festival fərqli mədəniyyətlərin qarşılıqlı anlaşmasını yaxşılaşdırmağa xidmət edir.

Pekindəki Renmin Universitetində keçirilmiş açılış mərasimində Çin Xalq Respublikası Təhsil Nazirliyinin rəsmiləri, universitet rəhbərliyi, bir sıra ölkələrin bu ölkədəki səfirləri iştirak etmişlər.

Mərasimdə çıxış edən Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov ölkələr və xalqlar arasında münasibətlərin genişlənməsində mədəni əlaqələrin oynadığı vacib rolu xüsusi vurğulamışdır.

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) Çindəki fəalları Azərbaycanın Pekindəki səfirliyinin dəstəyi ilə ölkəmizə aid stendlər nümayiş etdirmişlər. Burada Azərbaycanın mədəniyyəti, təbiəti və reallıqlarını əks edən cəlbedici fotoşəkillər, kitab və jurnallar, musiqi alətləri, milli geyimlər, əl işləri, həmçinin ölkəmizin turizm imkanları nümayiş etdirilmişdir.

Azərbaycan stendini ziyarət edənlər milli şirniyyatlarımıza qonaq edilmişlər.

AzərTAc