Çexiyanın paytaxtı Praqa şəhərində muğam və klassik simfoniya musiqisinin sintezindən ibarət “The Flower of Fire” adlı konsert təşkil olunub.
Konsert Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Təşkilatı (AzeDer), “Azerbaijan Student Network” (ASN) və SOCAR-ın dəstəyi ilə baş tutub.
Tədbir Günay Mirzəyeva və Francesco Magianın birgə bəstələri əsasında Azərbaycandan gəlmiş Muğam üçlüyü və “Prague Modern” orkestri tərəfindən canlandırılıb.
Mərasimdə Perunun rəsmi səfiri Marita Landaveri Porturas, Azərbaycanın Çexiyadakı səfirliyinin müşaviri Əlimirzamin Əsgərov və bir sıra müxtəlif diplomatik korpusun üzvləri, çexlər, Çexiyada yaşayan azərbaycanlılar və başqa xalqların nümayəndələri iştirak ediblər. Konsert eyni zamanda Çexiya, Azərbaycan və Türkiyə media nümayəndələri tərəfindən işıqlandırılıb.
Tədbiri giriş sözü ilə açan ASN-nin Çex nümayəndəsi Sabir Məmmədov, xalqlararası əlaqələrin inkişafından danışıb. O, əlaqələrin daha da dərinləşməsi üçün bu tipli layihələrin həyata keçirilməsinin zəruriliyindən bəhs edib.
Rəsmi hissə qonaqların AzeDer və ASN haqqında promovideo çarxları izlədikdən sonra konsert proqramı ilə yekunlaşıb.
Konsert proqramı gənc, demokratik ölkə olan Azərbaycanın nə qədər zəngin mədəniyyətə sahib olduğunu bir daha avropalılara göstərib. Bütün qonaqlara tədbirdən əvvəl və sonra içkilər və Azərbaycan milli mətbəxinin təamları təqdim olunub. Tədbir iştirakçıları konsertdən xoş təəssüratlarla ayrılıblar.
gun.az