Con Kennedinin qızı ABŞ-ın Yaponiyadakı səfiri təyin edilmişdir
18.10.2013

ABŞ parlamentinin yuxarı palatası keçmiş prezident Con Kennedinin qızının ABŞ-ın Yaponiyadakı səfiri vəzifəsinə təyin edilməsinə yekdilliklə səs vermişdir. Kerolayn Kennedi ABŞ-ın Yaponiyada ilk qadın səfiri və Kennedilər ailəsinin bu vəzifəyə təyin edilmiş üçüncü nümayəndəsidir.
K.Kennedinin namizədliyi ABŞ Prezidenti Barak Obama tərəfindən onun ikinci müddətə seçilməsi kampaniyasında göstərdiyi fəallığa görə irəli sürülmüşdür. Senat yanında xarici işlər komitəsi onun namizədliyini ilkin olaraq sentyabrın 30-da bəyənmişdi. Təyinat ərəfəsində Senatda aparılan dinləmələr zamanı K.Kennedi səfir vəzifəsində olduğu müddətdə mərhum atasının başladığı işi davam etdirəcəyini vəd vermişdir.
K.Kennedi 2009-cu ildə Nyu-York ştatından senator yeri uğrunda mübarizəyə başlamış, lakin sonra namizədliyini geri götürmüşdür.
Yaponiya hökumətində C.Kennedinin qızının ABŞ-Yaponiya qarşılıqlı münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynayacağına inanırlar.

AzərTac