Qubada Alma bayramına hazırlıq işləri yekunlaşmışdır
18.10.2013

Qubada rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil olunacaq Alma bayramı əvvəldən elan olunduğu kimi, oktyabrın 20-də deyil, 19-da keçiriləcəkdir.
Rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova bildirilmişdir ki, artıq bayrama hazırlıq işləri yekunlaşmışdır. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunacaq bayram tədbirinə rayon rəsmiləri, ziyalılar, Azərbaycandan kənarda yaşayan qubalı iş adamları, eləcə də 100-dən artıq xarici ölkə nümayəndələri dəvət olunmuşlar.
Tədbirdə milli adət-ənənələrimizi əks etdirən kompozisiyalar qurulacaq, rayonda becərilən alma sortları nümayiş etdiriləcək, iştirakçılara almadan hazırlanmış müxtəlif şirniyyatlar, kokteyl və içkilər təqdim olunacaqdır.
Bundan əlavə, bayramda ən böyük alma nominasiyası üzrə qalib müəyyənləşdiriləcəkdir.
Tədbir çərçivəsində rayonda yaşayan azsaylı xalqların folklorunu, mətbəxini və həyat tərzini əks etdirən stendlər nümayiş olunacaqdır.
Alma bayramı yeni istifadəyə verilmiş Yaşıl teatrın səhnəsində tanınmış incəsənət ustalarının konsert proqramı ilə yekunlaşacaqdır.

AzərTac