Bu gün Azərbaycanın müstəqilliyinin 22 illiyidir
18.10.2013

Bu gün Azərbaycan xalqının XX əsrdə ikinci dəfə müstəqillik qazanmasının 22 ili tamam olur.
1991-ci ilin 18 oktyabr tarixində keçmiş Ali Sovet Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.

Onu da qeyd edək ki, 1991-ci ilin avqust ayının 30-da həmin Ali Sovet Azərbaycanın Müstəqillik bəyannaməsinə imza atıb. Artıq 1991-ci ildən bu yana hər ilin oktyabr ayının 18-i xalqımız və dövlətimiz tərəfindən rəsmi şəkildə Azərbaycanın Dövlət Müstəqilliyi Günü kimi qeyd edilir.

Ötən 22 il ərzində Azərbaycan xalqı və dövləti olduqca çətin, keşməkeşli, lakin şərəfli bir inkişaf, tərəqqi yolu keçib. Müstəqilliyinin ilk günlərindən etibarən təcavüzkar Ermənistanın açıq işğalçılıq siyasətinə məruz qalan Azərbaycan nəticədə, 1991-93-cü illər ərzində 20 faiz torpaqlarını itirib, 700 mindən artıq məcburi köçkünü əmələ gəlib və 20 ildən artıq müddət ərzində aparılan üzücü danışıqlar prosesinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, o cümlədən, Avropa Şurasının 14-16 saylı qətnaməsinə baxmayaraq, hələ də təcavüzkar Ermənistanın və onun havadarlarının qeyri-konstuktiv mövqeyi üzündən Ermənistan-Azərbaycan münaqişəsi öz ədalətli həllinin tapmayıb.

Elə bu səbəbdən Azərbaycan dövləti bu illər ərzində sülh danışıqlarını davam etdirməklə yanaşı ordu quruculuğunun inkişafı, ordunun döyüş qabiliyyətinin artırılması və müasir standartlara uyğunlaşdırılması istiqamətində ciddi addımlar atıb. Heç təsadüf deyil ki, Azərbaycanın hərbi büdcəsi hazırda 1milyard dolları ötüb.

Bu illər ərzində-daha doğrusu,1994-cü ilin sentyabr ayının 20-da mərhum dövlət başçısı Heydər Əliyevin səyi nəticəsində imzalanan “Əsrin müqaviləsi” sayəsində Azərbaycan uğurlu neft strstegiyasına start verib və hazırda Azərbaycanın dövlət büdcəsinin böyük hissəsini məhz neftdən gələn gəlirlər təşkil edir. Eyni zamanda, uğurlu neft strategiyasının nəticəsi olaraq bir çoxları üçün hələ də gözlənilməz olan “Bakı-Tbilisi-Ceyhan” neft kəməri və “Bakı-Tbilisi-Ərzurum-Qars”qaz kəməri istifadəyə verilib.

Bununla yanaşı, otən dövr ərzində Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində çox vacib addımlar atılıb. Son illər dövlət büdcəsində qeyri-neft sektorundan gələn gəlirlərin həcmi artmaqdadır. Həmcinin, bu illər, xüsusilə, İlham Əliyevin prezidentliyi dövründə rəsmi statistikaya əsasən ölkədə 900 mindən artıq yeni iş yerləri açılıb, xeyli sayda körpülər, tunellər, yeraltı kecidlər tikilib istifadə verilib.

Rəsmi statistikaya əsasən, son illər ərzində ölkədə yoxsulluq həddi 45 faizdən 9 faizə endirilib.

Bundan başqa, Azərbaycan ötən illər ərzində əsas, aparıcı beynəlxalq təşkilatların- BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, “Qoşulmayanlar” Hərəkatı və digər xarici qurumların bərabərhüquqlu üzvünə çevrilib. Eyni zamanda, Azərbaycan NATO və “Şərq tərəfdaşlığı” siyasəti sayəsində Avripa İttifaqı , o cümlədən, nüfuzlu beynəlxalq qurumların parlament assambleyaları ilə sıx əməkdaşlıq münasibətləri qura bilib.

Bayramın mübarək olsun əziz xalqımız-müstəqil Azərbaycanımız!

gun.az