Bakıda keçirilən ikinci qum heykəltəraşlığı və qraffiti üzrə festival başa çatmışdır
21.10.2013

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakıda ikinci dəfə keçirilən qum heykəltəraşlığı və qraffiti üzrə açıq festival başa çatmışdır.

Layihənin rəhbəri İsmayıl İsmayılov bildirmişdir ki, festivalda 30 gənc iştirak etmişdir. Festivala Azərbaycanda müvafiq ixtisaslar üzrə təhsil alan rusiyalı, iranlı və türkiyəli tələbələr də cəlb olunmuşdur. Şıx çimərliyindəki “Dostluq” istirahət mərkəzində keçirilən festivalın yekununda hər iki nominasiya üzrə qaliblər müəyyən edilərək mükafatlandırılmışlar.
Qum qraffiti nominasiyasında birinci yerə Yaylagül Ramazanova, ikinci yerə Azər Məmmədli, üçüncü yerə isə Mətanət Ağayeva layiq görülmüşlər. Heykəltəraşlıq nominasiyasında isə Riza Hacıyev, Hamid Lütfullahpur, Müşfiq Heydərov müvafiq olaraq ilk üç yeri bölüşmüşlər. Qaliblərə hədiyyə və diplomlar, bütün iştirakçılara isə sertifikatlar təqdim edilmişdir.
Layihənin məqsədi gənc istedadlı rəssamların və heykəltəraşların üzə çıxarılmasına və tanıdılmasına, həmçinin onların peşəkar heykəltəraş və rəssamlarla əlaqələrin yaradılmasına yardım etməkdir.

AzərTac