Virtual Qarabağ tarixi muzeyi yaradılır
22.10.2013

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun üçüncü qrant müsabiqəsinin nəticələrinə uyğun olaraq qalib gəlmiş layihəyə əsasən oktyabr ayından başlayaraq Virtual Qarabağ tarixi muzeyinin yaradılmasına başlanılmışdır.

Layihənin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Səbuhi Hüseynovdur.

S.Hüseynov bildirmişdir ki, Azərbaycanda ilk dəfə həyata keçirilən bu layihə çərçivəsində Qarabağın tarixinə, mədəniyyətinə, etnoqrafiyasına və arxeologiyasına dair eksponatlar virtual nümayiş olunacaqdır. Qarabağın tarixini əks etdirən eksponatlar dünyanın müxtəlif muzeylərində bu gün də sərgilənməkdədir. Muzeyinin əsas məqsədi həmin bu maddi mədəniyyət abidələrini bir internet resursunda toplayaraq gənclərin diqqətinə çatdırmaqdır.

Virtual Qarabağ tarixi muzeyi gənc nəslin maddi - mədəni irsimizi öyrənməsi, araşdırması, eləcə də beynəlxalq informasiya şəbəkəsində Qarabağın milli dəyərlərinin qorunub saxlanması və işğal altında qalan abidələrimizin dağıdılmasına qarşı mübarizə məqsədilə yaradılır.

AzərTAc