“Yeni uşaq mahnıları–2013” respublika müsabiqəsinin təqdimatı keçirilmişdir
22.10.2013

Oktyabrın 22-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının səsyazma studiyasında “Yeni uşaq mahnıları–2013” respublika müsabiqəsinin təqdimatını keçirmişdir.

Tədbirdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova müsabiqə barədə geniş məlumat vermişdir.

Bildirmişdir ki, ölkə tarixində ilk dəfə baş tutan müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində reallaşdırmışdır.

Müsabiqəyə 73 mahnı təqdim edilmişdir. Bu mahnılar tanınmış münsiflər heyəti tərəfindən seçildikdən sonra qaliblərin düzgün müəyyənləşdirilməsi üçün bu ifalar sosial şəbəkələrdə səsverməyə çıxarılacaqdır. Qaliblərin seçilməsində həm münsiflərin rəyi, həm də sosial şəbəkələrdəki səsvermələrin nəticələri mühüm rol oynayacaqdır.

Müsabiqə ilin sonunadək yekunlaşacaq və qaliblərin iştirakı ilə geniş konsert proqramı təşkil ediləcəkdir.

Müsabiqənin qaliblərinə və fərqlənənlərə pul mükafatı, diplom və qiymətli hədiyyələr təqdim ediləcəkdir.

Tədbirdə müsabiqənin birinci mərhələsinin yekunları müzakirə olunmuş və müsabiqəyə təqdim edilən uşaq mahnıları dinlənilmişdir.

AzərTAc