Oktyabrın 24-də Moskvada, Dövlət Şərq Muzeyinin zallarında Arif və Orxan Hüseynovların “Azərbaycan nağılı” adlı sərgisinin açılışı olacaqdır.
Arif Hüseynov bildirmişdir ki, sərginin təşkilatçıları Heydər Əliyev Fondu, Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Rusiyadakı səfirliyi, Şərq Xalqlarının Dövlət İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqıdır.
Azərbaycanın Xalq Rəssamı Arif Hüseynov həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda yaxşı tanınır. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Şərq Xalqlarının Dövlət İncəsənət Muzeyində, şəxsi kolleksiyalarda saxlanılır.
Onun Mirzə Ələkbər Sabirin “Hophopnamə” əsərinə illüstrasiyaları, “Novruz rəngləri” mövzusunda miniatürləri və nağıl illüstrasiyaları - danışan heyvanların, quşların, cadugərlərin, divlərin, qəhrəman kişi və qadınların hamısı birlikdə həqiqətən də Azərbaycan nağılıdır. Rəssamın tablolarında təcəssüm olunan obraz və ideyaların daimi mənbəyi də elə bunlardır.
Məxsusi olaraq sərgi üçün nəşr olunmuş kataloqda deyilir: Azərbaycanın iki gözəl rəssamı – Arif Hüseynovun və oğlu Orxan Hüseynovun yaratdıqları rəngkarlıq və qrafika əsərlərində azərbaycanlıların adət-ənənələri, vərdişləri Azərbaycan nağılları və folklorunun prizmasından parlaq və məzəli şəkildə, yumor hissi və fantaziya ilə təsvir olunur.
Məkan və süjeti xüsusi üsullarla canlandıran əlvan rəngli dekorativ Şərq miniatürü A.Hüseynov yaradıcılığının dayaq nöqtəsidir. Onun nağıl illüstrasiyaları özünəməxsus emblem – xalqdan qaynaqlanan maraqlı və məzəli kompozisiyalardır. Hər şey xüsusi dəqiqliklə çəkilmiş ornamentlər - nöqtələr, incilər, buruqlar, digər qrafika elementlərinə bölünür.
Hazırda Azərbaycanın ən sevilən və aktual rəssamlarından biri olan Orxan Hüseynovun əsərləri də çox maraqlıdır. Onun müxtəlif janrlarda çəkdiyi əsərlər – installyasiyalar, obyektlər, videoart Bakı, Moskva, London və Parisdə, habelə digər şəhərlərdə dəfələrlə nümayiş etdirilmişdir.
Orxan Hüseynov Şərq şəhərinin ümumiləşdirici obrazı kimi köhnə Bakı, habelə Novruz silsiləsindən əsərlər, portretlər yaratmışdır. Onun silsilə əsərlərinin bəzilərində Şərq miniatüründən, bir qismində isə sadə üsullardan istifadə olunmuşdur. Onun ayrı-ayrı qrafika əsərləri hadisələr, konkret personajlarla zəngindir. Rəssam nağıl mövzusunda da əsərlər yaratmışdır.
Məxsusi olaraq bu sərgi üçün hazırlanmış iki kataloq ənənələrin və nəsillərin varisliyini qoruyub saxlamış bu iki Azərbaycan rəssamının yaradıcılığına gözəl illüstrasiya - Simurq quşunun qanadlarında uzaq diyarlara uçub getmiş sehrli nağıldır.
AzərTac