“Arşın mal alan”-ın 100 illiyi qeyd olunacaq
23.10.2013

Oktyabrın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Konsertdə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək.

Orkestrə Xalq Artisti, professor Ağaverdi Paşayev dirijorluq edəcək.

Cari ildə UNESCO-nun Baş Konfransının qərarı ilə dünya musiqi sənətinin ən populyar nümunələrindən biri olan “Arşın mal alan”ın 100 illik yubileyi beynəlxalq miqyasda qeyd edilir.

Altmışdan artıq dilə tərcümə olunmuş bu operetta Çində, Çexiyada, Bolqarıstanda, ABŞ-da səhnələşdirilib.

1913-cü il oktyabrın 25-də Bakıdakı Tağıyev Teatrında ilk dəfə səhnələşdirilən “Arşın mal alan” operettasının rejissoru Hüseyn Ərəblinski olub.

Oxu.az