İndiyədək “Azərbaycanlı Gənclərin 2007-2015-ci illərdə Xaricdə Təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 1825 nəfər xaricdə təhsil alıb. Bu il 1200-dən artıq olaraq rekord səviyyədə ərizə qəbul olundu və nəticədə ilk dəfə olaraq ərizə verənlərin təxminən 65 faizi, 783 nəfər olmaqla proqramın qalibləri oldular və bununla da DP ilə xaricdə təhsil alan Azərbaycanlı gənclərin sayı 2600-ü keçib. Bu sözləri öz açıqlamasında ASAIF-in sədri Ramin Həkimov deyib.
Onun sözlərinə görə, 2012-ci ildə 607 nəfər xaircdə təhsil alıb, 2011-ci ildə bu rəqəm 435, 2010-cu ildə isə 275 nəfərdən ibarət idi.
“Sadəcə keçən ilin göstəriciləri ilə müqayisə etsək görərik ki, bu il proqram iştirakçılarının sayı 176 nəfər çox olub.Əlavə olaraq, 2012/2013-cü tədris ilinə qədər DP çərçivəsində təhsil almaq hüququ qazanan ən çox tələbə Böyük Britaniya (419 nəfər), Almaniya (367), Türkiyə (364 nəfər), Kanada (141 nəfər) və Fransa (98 nəfər) üzrə olub. Onlar əsasən iqtisadiyyat və idarəetmə, mühəndislik, tibb, informasiya texnologiyaları, turizm, fundamental elmlər və digər prioritet ixtisaslar üzrə təhsil almaq hüququ qazanıblar. 2013/2014-cü tədris ilində, yəni 783 qalib arasında yenə ən çox tələbə Böyük Britaniyaya üz tutur. Daha sonra yenə də siyahıda Almaniya, Türkiyə və Kanada liderlik edirlər”.
R.Hakimovun sözlərinə görə, bugünədək DP-nin ən çox məzunu olan ölkələr isə Birləşmiş Krallıq (169 nəfər), Rusiya (56 nəfər), Fransa (55 nəfər), Almaniya (54 nəfər) və Türkiyədir (49 nəfər).
publika.az