Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Caz Festivalının açılışı olub.
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalın açılışını tanınmış telejurnalist Rahib Azəri edib.
O, çıxışında bildirib ki, festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam və Bakı Caz mərkəzləri və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dünya şöhrətli musiqiçilər - Kenny Garret, Avishai Kohen, Marcus Miller, Bob James, David Sanborn, Kristof Çex və başqalarının çıxışları gözlənilir.
Azərbaycanın tanınmış ifaçıları - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və digər istedadlı gənc caz musiqiçiləri də festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.
R.Azəri əlavə edib ki, beynəlxalq səviyyəli caz festivalı artıq 11-ci ildir keçirilir. Bu müddətdə dünya şöhrətli ifaçılar paytaxtımızda çıxış ediblər.
Festivalın açılış mərasimində qonaqların sırasında Fransanın görkəmli aktyoru Jerar Depardye də olub.
Festivalın ilk günündə səhnəyə tanınmış kaliforniyalı saksafonçu Joşua Redmanın kvarteti çıxıb. Kvartetə Aaron Qoldberq (piano), Ruben Rogers (kontrabas), Qreqori Hatçinson (zərb alətləri) daxildir.
Kvartet yeni caz kompozisiyaları və Joşua Redmanın bu ansambl üçün yazdığı klassik caz bəstələrini, həmçinin onun 2013-cü ildə buraxılmış “Walking Shadows” adlı balladasayağı lirik musiqi albomundan seçilmiş əsərləri ifa edib.
Qrupun təqdim etdiyi caz kompozisiyalar alqışlarla qarşılanıb.
Festival çərçivəsində həmçinin Bakı Caz Mərkəzində “Bakı” estrada caz qrupunun konserti olub. Konsert qrupun rəhbəri Leyla Nəzərlinin ifası ilə başlayıb.
Caz festivalında ilk dəfə iştirak etdiyini qeyd edən qrup rəhbəri yerli və əcnəbi caz ifaçılarının əsərlərini yeni improvizədə təqdim edib. O, fortepianoda əcnəbi caz ifaçıları Garner, Gilesspi, Gertstwin, Petersonun kompozisiyalarını səsləndirib. Sonra L.Nəzərli Səid Rüstəmovun “Hardasan” və özünün “Dialoq” adlı əsərini cazsevərlərə təqdim edib.
Oktyabrın 23-dən start götürən festival noyabrın 2-dək davam edəcək.
Gün.Az