Yazıçı Anarın 75 illik yubileyi qeyd edilib
25.10.2013

Akademik Milli Dram Teatrında xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın 75 illik yubileyi qeyd edilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutan mərasim zamanı teatrın foyesində yazıçının ədəbi, elmi və tənqidi fəaliyyətini əks etdirən kitab sərgisi açılıb.

Tədbir yazıçının həyat və yaradıcılığından bəhs edən videofilmin nümayişi ilə başlayıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Milli Məclisin deputatı Aqil Abbas, yazıçı-publisist Mirkazım Seyidov, yazıçı-dramaturq, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli, tanınmış mədəniyyət və incəsənət xadimləri yazıçının yaradıcılığından söhbət açıblar.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev yazıçıya fəxri diplom və hədiyyə təqdim edib. Sonra yubilyarın əsərləri əsasında hazırlanmış tamaşalardan səhnəciklər nümayiş etdirilib.

Gün.Az