Noyabrın 4-15-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı xalq teatrlarının festivalı keçiriləcək.
İdarədən verilən məlumata görə, festival Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub: “Festivalın məqsədi xalq yaradıcılığının inkişafı, gənc nəslin özfəaliyyət teatr kollektivlərinə cəlb edilməsi və həvəskar teatr kollektivlərinin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaqdır”.
Festivalda 19 mədəniyyət müəssisəsindən 21 kollektiv iştirak edəcək. Xalq teatrları festivalında əməkdar incəsənət xadimləri Azad Şükürov və Könül Axundova, əməkdar mədəniyyət işçisi Atababa Hacıbabayev, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Loğman Kərimov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Aydın Əzimov münsiflər heyətində təmsil olunacaqlar.
İdarədən bildiriblər ki, festivalda qalib gələn kollektivlər fəxri diplom və mükafatlarla təltif olunacaqlar.
APA