20 yanvarda Azərbaycan ərazisində hava soyuq və küləkli olacaq, qar yağacaq
18.1.2012

Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin soyuq, küləkli keçəcəyi, axşam yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq.
Yanvarın 20-də hava şəraiti soyuq, güclü küləkli olacaq. Arabir yağıntılı olacağı gözlənilir.
Sulu qar, bəzi yerlərdə qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə və gündüz 1-3 dərəcə isti, gecəyə doğru 0 dərəcəyə yaxın olacağı proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında yanvarın 19-da arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 5-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17 dərəcə şaxta təşkil edəcək.
Yanvarın 20-də bölgələrdə arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu isə 15-20 dərəcə şaxta olacaq.

                                                                                                                                       APA