Azərbaycanda doğum göstəricisi 17 illik maksimuma çatıb
19.1.2012

Bu ilin yanvarın 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlinə nisbətən 123,9 min nəfər və ya 1,4% artaraq 9,235 mln. nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 53%-i şəhər, 47%-i kənd yerlərində yaşayır, 49,6%-i kişilərdən, 50,4%-i qadınlardan ibarətdir. Hər 1 000 nəfər kişiyə 1 017 nəfər qadın düşür.
«Ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş təşkil edib. Hesabat ili ərzində ölkədə 175,4 min nəfər körpə doğulub ki, bu da son 17 ildə ən yüksək göstəricidir, 2010-cu illə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,5-dən 19,4-ə qədər artıb. Doğulanların 53,8%-i oğlanlar, 46,2%-i qızlardır. Körpələrin 1 506-sı əkiz, 33-ü üçəm olub», - deyə Komitədən bildirilib.

APA