20 Yanvar mərasimləri ilə əlaqədar Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
19.1.2012

20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanına ümumxalq ziyarəti ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, 20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar yanvarın 20-də saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətində, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Teleteatr binasının qarşısından, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.