Gənclər üçün Təhsil Mərkəzi Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin İnkişaf Akademiyası” layihəsinin icrasına başlayıb.
Layihə ölkəmizin müxtəlif şəhər və rayonlarından olan gənclərin ictimai və digər sahələrdə inkişafına, təşəbbüskarlığının artırılmasına, müxtəlif ideyalarının reallaşdırılmasına dəstək verməkdən ibarətdir.
Bakı, Sumqayıt, Mingəçevir, Ağcabədi və Hacıqabulda həyata keçiriləcək layihə, bir neçə mərhələdə icra olunacaq. Birinci mərhələdə sözügedən hədəf ərazilərdə “Gənclərin İnkişaf Akademiyası” yaradılacaq, onların strukturu formalaşdırılacaq və fəaliyyət göstərməsi üçün zəruri təlimlər keçiriləcək.
İkinci mərhələdə isə yaradılmış akademiyalar vasitəsilə gənclərin inkişafına yönəlmiş müvafiq işlərin aparılması nəzərdə tutulub.
Layihə çərçivəsində gənclərin ictimai təşəbbüskarlığının artırılması ilə yanaşı, onların iştirakı ilə sosial aksiyaların, tədbirlərin, müsabiqə və yarışların, mədəni və idman tədbirlərinin təşkili nəzərdə tutulur. Bunlarla yanaşı, həftənin sonlarında layihə iştirakçıları ilə aktiv gənc liderlərin, deputatların, media rəhbərləri və digər tanınmış simaların görüşləri planlaşdırılır.
Yaradılacaq akademiyalar mərkəzin sözügedən regionlardakı ofislərində fəaliyyət göstərəcək. Artıq bununla bağlı zəruri şərait yaradılıb. Layihə çərçivəsində beynəlxalq təcrübədən də geniş istifadə olunacaq. Belə ki, gənclərlə aparılan işlərin məzmun və formasında yeniliklər tətbiq olunacaq.
gun.az