BDU-nun müasir tələbə şəhərciyi salınacaq
4.11.2013

Bakı Dövlət Universitetinin yeni tələbə şəhərciyi tikiləcək.

BDU-nun 100 illik yubileyinə hazırlıq məqsədilə həyata keçiriləcək tədbirlər planı çərçivəsində universitetin tələbə şəhərciyi innovativ üsulla tamamilə yenidən qurulacaq. Təxminən 6 minə yaxın tələbənin yerləşə biləcəyi şəhərcikdə xarici tələbələr üçün xüsusi bina nəzərdə tutulub.

Universitetin inzibati-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı “Azərbaycan müəllimi” qəzetinə bildirib ki, bu məqsədlə ərazidə 5 yeni yataqxana binasının tikilməsi nəzərdə tutulur. 200 milyon manat dəyərində ehtimal edilən layihəyə görə, şəhərcikdə binaların hündürlüyü həmin ərazinin relyefindən asılı olaraq dəyişəcək. Yerin relyefi yüksəldikcə mərtəbələrin sayı azalacaq. Məsələn, Mətbuat prospekti tərəfdən olan ərazidə 16-17, daha yuxarı qalxdıqca yerin hündürlüyündən asılı olaraq 14, 13, 12 və s. mərtəbəli binalar inşa olunacaq. Ən son hündürlükdə tikiləcək bina 6 mərtəbəli olacaq.

Binalarda Avropa və dünyanın ən qabaqcıl universitetlərinin tələbə şəhərcikləri (kampusları) səviyyəsində müasir standartlara cavab verən bütün şərait yaradılacaq. Hər bir binada tələbələr üçün yeməkxana, kitabxana, İnternet şəbəkəsi, mağazalar və s. təşkil olunacaq. Burada bütün infrastruktur, o cümlədən ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchizat məsələləri yüksək səviyyədə olacaq. Şəhərcikdə müasir universal multimedia taksofonları, genişzolaqlı İnternet xidmətləri tələbələrin ixtiyarına veriləcək.

APA