Almaniyada Bavariya prokurorluğu ikinci dünya müharibəsi dövründə faşistlər tərəfindən talan olunmuş incəsənət əsərləri ilə bağlı böyük araşdırma aparır.
Fokus jurnalının bazar ertəsi dərc etdiyi məqaləyə görə, hələ 2011-ci ilin əvvəlində Münxendə yerləşən mənzillərin birindən Pablo Pikaso, Anri Matis kimi məşhur rəssamların 1500-ə yaxın rəsm əsəri aşkarlanıb.
Mənzilin sahibi həmin incəsənət əsərlərinin ona vərəsəlik yolu ilə atası Hilderbran tərəfində ötürüldüyünü iddia edir. Hilderbrand 2-ci dünya müharibəsi dönəmlərində muzey direktoru olub. Faşistlər talan və müsadirə etdikləri rəsmləri ona xaricdə satmağı tapşırsalar da, sonuncu onları öz evində saxlmağı qərara alıb.
Rəsmi Berlinin sözçüsü, Alman hökümətinin jurnalın dərc etdiyi məqalədən hələ bir neçə ay əvvəl, bu tapıntıdan xəbərdar olduğunu bildirib.
Almaniya hökümətinin sözçüsü Stefan Saybert bildirib ki, Almaniya höküməti dövlət prokurorluğunun Ausburqda apardığı istintaqı dəstəkləyir və onları faşistlər tərəfindən talan edilmiş rəsmlərlə bağlı ekspert rəyi ilə təmin edir.
Fokus jurnalında getmiş məqaləyə görə, Ausburq şəhərində bu qədər rəsm əsərinin aşkarlanması 3 il əvvəl baş verib. Ancaq Saybert hökümətin bu xəbərin nədər bu qədər gec ictimailəşdirildiyini şərh etməyib.
Xatırladaq ki, Almaniyada faşist rejimin hakimiyyəti illərində yəhudi dəllallardan 20 minə yaxın müasir incəsənət əsəri talan və ya müsadirə edilib. Faşistlər eyni zamanda müasir rəssamların bəzi əsərlərinə “əxlaqsız” damğası vurub, və eynilə belə rəsm nümunələrini ayrı-ayrı sahibkarlardan müsadirə edib.
ANS PRESS