Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi Azərbaycana səfəri çərçivəsində noyabrın 4-də Heydər Əliyev Mərkəzində olub.
Qonaq Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olub, sərgi zallarına baxıb.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasəti və irsinin öyrənilməsi, təbliği istiqamətində fəaliyyət göstərdiyini bildirib.
Mərkəzin, həmçinin Azərbaycanın tarix və mədəniyyətinin dünyada tanıdılması istiqamətində layihələr həyata keçirdiyi diqqətə çatdırılıb.
O da qeyd olunub ki, Heydər Əliyev Mərkəzi mədəniyyətlər və dinlərarası dialoqun inkişafına xidmət edən bir sıra beynəlxalq tədbirlərə ev sahibilik edib.
Kardinal Canfranko Ravazi Heydər Əliyev Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həyat və siyasi fəaliyyətini, eləcə də XX əsrin əvvələrindən Azərbaycanın ictimai-siyasi, mədəni, iqtisadi həyatında baş verən önəmli hadisələri əks etdirən foto və video materiallarla, eksponatlarla tanış olub.
Qonaq daha sonra “Azərbaycan inciləri: Tarixin axarında” sərgisi ilə tanış olub. Azərbaycanın qədim keçmişini, adət-ənənələrini, milli-mənəvi sərvətlərini nümayiş etdirən bu ekspozosiyada müxtəlif dinlərə aid müqəddəs kitabların qədim nüsxələrinin sərgiləndiyi bölmə xüsusi maraq doğurub.
Kardinal Canfranko Ravazi, həmçinin “Mini Azərbaycan” sərgisində ölkənin tarixi və müasir memarlıq abidələrinin maketlərinə baxıb, müxtəlif mədəniyyətlərin izlərini özündə daşıyan tikililər barədə məlumatlandırılıb.
Gün.Az