“Vətən” sosial futbol məktəbinin rəsmi açılış mərasimi həyata keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi xəbərə görə, mərasim Realmadrid Fondu Gənclər və İdman Nazirliyi ilə birgə olaraq “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” adlı sosial proqramı çərçivəsində baş tutub.
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Real Madrid Klubunun katibi və Fondun Vitse-prezindenti Enrique Sanches, Realmadrid Fondunun beynəlxalq proqramlar üzrə rəhbəri Rosa Ronkal, Binəqədi rayon İH başçısı Xaləddin İsgəndərov, AFFA-nın baş katibi Elxan Məmmədov və digər rəsmilər iştirak ediblər.
Layihənin tərəfdaşları Təhsil Nazirliyi, Gənclər Fondu, AzərİdmanServis və C”est Bon şirkətidir.
A.Rəhimov qeyd edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycanda “2005-2015 illərdə Futbolun inkişafına dair “Dövlət Proqramının qəbul olunması futbolun inkişafına böyük təkandır.
“Dünya şöhrətli Realmadrid Fondunun əməkdaşlığı ilə Müstəqil Dövlətlər Birliyində (post-sovet), həmçinin regionda ilk sosial futbol məktəbinin Bakıda açılması futbolun Azərbaycanda kütləviləşməsinə böyük təkan olacaq.”
Qeyd edək ki, hazırda Realmadrid Fondu dünyanın 65 ölkəsində 200-dən artıq sosial idman məktəbi açıb. “Vətən” sosial futbol məktəbi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhəri “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin yeni bazasında fəaliyyət göstərəcək.
Realmadrid Fondu ve GİN-nin birgə layihəsi olan “Vətən” sosial futbol məktəbi post-Sovet məkanında 1-ci, Avropada isə 8-ci məktəbdir. 29 aprel 2013-cü il tarixində İspaniya Krallığının Madrid şəhərində yerləşən “Santiaqo Bernabeo” stadionunda Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi və Realmadrid Fondu arasında imzalanmış əməkdaşlıq haqqında proqrama uyğun olaraq Bakıda “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” adlı sosial proqramı çərçivəsində “Vətən” sosial futbol məktəbinin yaradılması haqqında razılığa gəlinmişdir. Əməkdaşlıq müqaviləsi 2013-2017-ci illəri əhatə edir.
“Vətən” sosial futbol məktəbinə daxil olma şərtləri:
- 8-17 yaş həddi
- Risk altında olan və yoxsulluqdan əziyyət çəkən ailələr
- Uşağın təhsil və dərsə davamiyyət göstəricisi
- Ailənin sosial statusu (qaçqın və məcburi köçkün)
2013-14-cü tədris ilində “Vətən” sosial futbol məktəbinə 100 nəfərin (50 qız, 50 oğlan) qəbulu nəzərdə tutulub. Hazırda 50 oğlan, 20 qız olmaqla 70 gənc məktəbdə müntəzəm məşqlərdə iştirak edir.
Gün.Az