Bakı küçələrinin adına və taleyinə işıq salan kitab
5.11.2013

“Elm və təhsil” nəşriyyat poliqrafiya müəssisəsində çap edilən növbəti kitab “Bakı küçələri: adlar və talelər” adlanır.

Bu dəyərli monoqrafiyanın müəllifi tanınmış dilçi alim, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun professoru, Milli Məclis yanında Toponomiya Komissiyasının üzvi Qara Məşədiyevdir.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu elmi şurasının müvafiq qərarı ilə çap edilmiş monoqrafiyada Azərbaycanda dövlət müstəqilliyinin bərpası ərəfəsində və müstəqillik dövründə Bakı şəhərinin Nərimanov, Nəsimi və Səbail rayonlarının urbanonimlər sistemində baş verən dəyişikliklər haqqında söhbət açılmış, bəzi küçələrin keçmiş və yeni adları, bu adların aid olduğu şəxsiyyətlər haqqında ətraflı məlumat verilmişdir.

Müəllif tərəfindən kitaba yazılmış “Ön söz”də deyilir ki, küçə adlarına yalnız ünvan kimi yanaşsaq, onların mənəvi dəyərini bir qədər azaltmış olaraq. Küçə adları elə təkcə coğrafi funksiyası ilə də son dərəcə əhəmiyyətlidir.

Müəllif yazır: “Dünyanın qədim mədəniyyət mərkəzlərindən olan Bakı bu gün öz görkəmini sürətlə dəyişir. Getdikcə abadlaşan paytaxtımız müasir şəhərsalmanın mütərəqqi ənənələrindən faydalanmaqla planetin ən möhtəşəm şəhərlərindən birinə çevrilir. Bakının yenidən qurulması prosesinə həmahəng olaraq paytaxtımızdakı küçələrin adlarının da elmi tədqiqi son dərəcə zəruridir”.

Bu maraqlı nəşrin elmi redaktoru filologiya elmləri doktoru Roza Eyvazova, rəyçiləri isə professorlar Qəzənfər Kazımov və İsmayıl Məmmədovdur.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş 324 səhifəlik bu kitab hər birimizə paytaxtımızda tez-tez rast gəldiyimiz küçə adları barədə dolğun məlumat verəcəkdir.

AzərTAc