Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə Tokioda “Yamazaki Pan” (“Yamazaki Baking Co. Ltd.”) şirkətinin elan etdiyi “Dünya xalqlarının un məmulatları” layihəsi çərçivəsində Azərbaycan un məmulatlarının və milli mətbəxinin nümunələrinin təqdimatı keçirilmişdir.
Hazırda Yaponiyada yaşayan azərbaycanlı Surə Mirzəyevanın hazırladığı Azərbaycan milli mətbəxinin nümunələri, o cümlədən çörək ilə yeyilən piti və küftə-bozbaş, habelə yaxmac şəklində yeyilən yemək növləri və un məmulatları şirkətin nümayəndələrinə təqdim edilmişdir.
Qonaqlara milli mətbəximizin nümunələrinin öz əksini tapdığı müxtəlif nəşrlər, həmçinin “İRS-İsan” jurnalının yapon dilində nəşr edilmiş nömrələri paylanmışdır. Şirkətin nümayəndələri olan yapon xanımlar şəxsən küftə-bozbaşın hazırlanmasında iştirak etmişlər.
Təqdimatda iştirak edənlər milli mətbəximizin zənginliyindən çox məmnun qaldıqlarını bildirmiş, gələcəkdə bu nümunələrin istehlak bazarında təmsil olunma imkanlarının şirkət tərəfindən araşdırılacağını qeyd etmişlər.
“Yamazaki Pan” şirkətinin nümayəndəsi xanım Misako Yamamura təqdimatdan çox razı qaldıqlarını demişdir: “Bizim şirkətin məhsulları yalnız Yaponiyada deyil, eyni zamanda Asiya ölkələri, ABŞ və Fransada yaxşı tanınmışdır. Bu gün təqdimatında iştirak etdiyimiz Azərbaycan çörəkləri və digər un məhsulları, o cümlədən milli yeməklər həqiqətən təqdirəlayiq idi. Mən böyük məmnuniyyətlə Azərbaycana səfər edərək sizin mətbəxinizlə yerində tanış olardım”.
Təqdimat haqqında məlumat və nümayiş etdirilən məhsullar Yaponiyada 100 min tirajla nəşr edilən aylıq “Dancyu” jurnalında geniş çap olunacaqdır.
AzərTAc