Eurovision Mahnı Müsabiqəsi Bakı 2012-nin İşçi Qrupundan verilən
məlumata görə, yanvarın 25-də Azərbaycanın bu müsabiqəyə ev sahibliyi
ilə bağlı keçiriləcək təntənəli mərasimdə iştirak etmək üçün müsabiqənin
2004-cü il qalibi Ruslana, 2009-cu il qalibi Aleksandr Rıbak, 2010-cu
il qalibi Lena Mayer paytaxta qonaq gəlib.
Həmin gün “Buta Palace” səhnəsində Azərbaycana Eurovision qalibiyyəti
gətirən Eldar Qasımov və Nigar Camal, 2009 və 2010-ci illərdəki
təmsilçilərimiz Aysel Teymurzadə və Safurə Əlizadə iştirak edəcəklər.
Xatırladaq ki, yanvarın 25-də Eurovision Mahnı Müsabiqəsinin rəmzi
açarının Düsseldorfdan Bakıya təhvili, may ayında keçiriləcək Eurovision
2012-nin yarımfinallarında iştirak edən ölkələr üzrə püşkatması, builki
müsabiqənin loqo və şüarının prezentasiyası olacaq.