Rusiyanın Dövlət akademik simfonik orkestri və beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin iştirakı ilə V.Safonov və A.Skryabin adına konsert salonlarında silsilə konsertlər keçirilmişdir.
Dirijor Əyyub Quliyev bildirmişdir ki, “Şərq nağılları” adı altında keçirilən konsertdə Azərbaycan və rus bəstəkarlarının yaradıcılığında Şərq mövzusuna müraciət edilmişdir.
Vasili Safonov adına Rusiya Dövlət Akademik Filarmoniyasında ilk dəfə olaraq dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən simfonik fraqmentlər səslənmişdir. Uğurlu və dinamik ifanın təsiri nəticəsində 700 nəfərlik auditoriya Azərbaycan musiqisini ayaqüstə alqışlamışdır. Həmin konsertdə dahi rus bəstəkarları M.Musorqskinin, A.Borodinin, A.Lyadovun əsərlərindən də fraqmentlər səslənmişdir.
Gecənin əsas əlamətdar hadisəsi isə Azərbaycanın Xalq Artisti, professor, “Şöhrət” ordenli tarzən Ramiz Quliyevin çıxışı olmuşdur. Bu mədəniyyət məkanında ilk dəfə olaraq Azərbaycanın milli aləti olan tar dinləyicilərə geniş simfonik konsertdə təqdim olunmuşdur. Tarzən Ramiz Quliyevin ifasında görkəmli bəstəkar Hacı Xanməmmədovun tar və simfonik orkestr üçün 2-ci konserti, həmçinin Azərbaycan bəstəkarlarının muğamlar üzərində qurulmuş əsərləri səsləndirilmişdir.
Konsertdən sonra musiqiçiləri təbrik edən filarmoniyanın direktoru, Rusiya Federasiyasının Əməkdar Artisti Svetlana Berejnaya bu layihənin iki ölkənin mədəniyyət sahəsindəki əməkdaşlığının inkişafında əlamətdar və unudulmaz bir hadisə olduğunu demişdir.
Konsertin növbəti günü Safonov adına imperator zalının səhnəsində yeni ədəbi-musiqili layihənin - “Kurzal gecələri”nin təqdimatı olmuşdur. Dirijor Əyyub Quliyev və Rusiya akademik simfonik orkestri ilə bərabər Rusiya Federasiyasının Əməkdar Artisti Timofey Fyodorovun tədbirdə natiq və aparıcı kimi iştirakı gecəyə xüsusi bir əhval-ruhiyyə bəxş etmişdir. Aktyorun ifasında məşhur ərəb nağılları “1001 gecə”dən nümunələr dinləyicilərə təqdim olunmuşdur. Q.Qarayev, M.Musorqski, A.Borodin və A.Lyadovun əsərlərinin orkestr tərəfindən ifası bədii obrazların canlı və ifadəli çatdırılmasına səbəb olmuşdur.
Bu silsilənin növbəti konsertlərində Natalya Bondarçuk, Aristarx Livanov, Viktoriya Tolstoqanova, Marina Yakovleva, Roman Belişov, Tatyana Abramova və Sergey Çonişvili kimi aktyorların iştirakı nəzərdə tutulmuşdur.
AzərTAc