Böyük Britaniyanın paytaxtı London şəhərində «Azərbaycan Günü» keçiriləcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir noyabrın 19-da Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Londondakı baş qərargahında qurumun və Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı baş tutacaq.
Məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi, Böyük Britaniyanın dövlət qurumları, EBRD, Londondakı diplomatik korpus və biznes strukturlarının nümayəndələri, eləcə də Azərbaycandan olan iş adamları iştirak edəcəklər.
«Azərbaycan Günü»ndə ölkənin təqdimatı keçiriləcək, Azərbaycanın qazandığı sosial-iqtisadi uğurlar nümayiş olunacaq. Tədbir çərçivəsində iştirakçılara ölkənin tarixi, mədəniyyəti və iqtisadi potensialı barədə məlumatları özündə əks etdirən materiallar paylanacaq və Azərbaycan musiqisi səsləndiriləcək.
Qeyd edək ki, tədbirin keçirilməsinə həmçinin Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyəti tərəfindən də dəstək göstərilir.
APA