Bakıda Ümumdünya Diabet Günü münasibətilə tədbir keçirilib
14.11.2013

Bu gün 14 noyabr bütün dünyada Ümumdünya Diabet Günü kimi qeyd olunur.

Bu münasibətilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutunda Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzinin (REM) təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən REM-in direktoru Rauf Cabbarov bildirib ki, bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədilə 1991-ci ildən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə görə bu tarix Ümumdünya Diabet Günü kimi qeyd edilir: “2013-cü ilin kampaniyası “DİABET: Gələcəyimizi qoruyaq!” şüarı altında keçirilir. Hazırda dünyada 400 milyona yaxın insanda şəkərli diabet diaqnozu qeydə alınır. Güman olunur ki, xəstələrin 50%-i öz xəstəliyi haqqında məlumatsızdır. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayı bu ilin göstəricilərinə görə 200 minə yaxındır. Bu xəstəliyin yayılma tempinə görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ŞD xəstəliyini qeyri-infeksion epidemiya kimi dəyərləndirir”.

R.Cabbarov qeyd edib ki, Azərbaycan dövləti bu xəstəlikdən əziyyət çəkən insanlara xüsusi diqqət ayırır. Onun sözlərinə görə, “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb.

Həkimləri Təkmilləşdirilmə İnstitutunun direktoru Niyazi Qasımov bildirib ki, şəkərli diabet xəstəliyini təhlükəli və problemli edən onun müxtəlif yaş həddini əhatə etməsi, əhali arasında geniş yayılması, ağır fəsadların meydana gəlməsi, böyük maddi vəsait tələb etməsidir. Onun sözlərinə görə, xəstəliyin xoş gedişatı, yəni onun həyat tərzinə çevrilməsi üçün düzgün tibbi xidmətə, sosial-iqtisadi qayğıya, normal psixoloji duruma və bütün bunları tənzimləyə biləcək hüquqi bazaya ehtiyac var.

Tədbirin davamında xəstəlikdən əziyyət çəkən 13-15 yaşlı uşaqlar üçün hədiyyələr təqdim olunub.

APA