Sabahdan Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə jalüzlərin vurulmasına icazə verilməyəcək
15.11.2013

Noyabrın 16-dan etibarən Azərbaycanda minik avtomobillərinin arxa yan şüşələrinə jalüzlərin vurulmasına icazə verilməyəcək.

Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycan prezidenti vətəndaşlardan daxil olan müraciətləri nəzərə alaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yay mövsümündə nəqliyyat vasitələrində jalüzlərin istifadəsi qaydalarının müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verib.

Tapşırığa uyğun olaraq, Dövlət Komitəsi sədrinin əmri ilə AZS 122-2004 «Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər» dövlət standartına dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, Azərbaycanda iqlim şəraiti nəzərə alınaraq nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Əvvəlki standartlara görə, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin işıq buraxma qabiliyyəti isə 60%-dən az olmamalı idi. Həmçinin, Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə veriləcək.

APA