Rəngini dəyişən avtomobil istehsal olunacaqdır
18.11.2013

Hər zaman yeni ideyaları ilə müştərilərini təəccübləndirməyi bacaran “Toyota Motor” şirkəti şərti olaraq Toyota FV2 adlanan avtomobil istehsal etməyi planlaşdırır. Sahibinin üz ifadələrinə əsasən rəngini dəyişə bilən buqələmun tipli avtomobil modelinin bu ay “Tokio Motor Şou”da sərgilənməsi nəzərdə tutulub. Mimika və səstanıma robotlarının istehsalı üçün artıq mühəndislərə müraciət edilib.

Beləliklə, Toyota yol qəzalarının qarşısını almağa kömək edən, özünü idarəetmə imkanına malik, kopüter dəstəkli “ağıllı” avtomobillər sırasına qoşulur.

bloomberg.com saytının məlumatına görə, Toyota məhsul planlaşdırma qrupunun meneceri Takeo Moriai qeyd edib ki, avtomobil kiçik yaşlarından smartfon və iPad istifadəçisi olan “rəqəmsal nəsil” istehlakçıları üçün istehsal olunacaq: “Bəlkə də, bu texnologiya ilkin inkişaf mərhələsində olduğuna görə, “emosiyaları oxuya bilən maşın” ifadəsini anlamaq bizim üçün hələ ki, çətindir”.

Qeyd edək ki, 2015-ci il ərəfəsində “Tokio Motor Şou”da hidrogen dəstəkli avtomobilin ilkin versiyası təqdim ediləcək. Toyota rəsmisinin açıqlamasına əsasən, dizayn seçimi zamanı şirkət katamaranın görünüşü və axar sudan bəhrələnib. Yeni avtomobil noyabrın 23-dən dekabrın 1-dək davam edəcək sərgidə nümayiş etdiriləcək.

Avtomobillərin çoxluq təşkil etdiyi müasir dövrdə tıxac problemini göz önünə gətirsək, maşınların rənginin hansı tərzdə dəyişəcəyini təsəvvür etmək o qədər də çətin deyil.

www.ict.az