“O…”nun hər bir oxucuya deməyə sözü var
18.11.2013

Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın “Özümə yolçuluq” seriyasından növbəti kitabı “O…” adlanır.
Yeni kitabda müəllifin gördükləri, oxuduqları, öyrəndikləri, tanıdıqları və son olaraq yazdıqları işıq üzü görmüşdür. Burada, həmçinin müəllifin Allah, dünya və insan, haqq yolu və bu qəbildən digər əsas xətlər üzrə düşüncələri barədə yazıları toplanmışdır. Dünyanın yaranış fəlsəfəsinin çağdaş təfəkkür süzgəcindən keçirilməsi, bir xanım və bir yazar həssaslığı ilə Ulu Dərgaha üz tutulması yeni kitabdakı yazıların leytmotivini təşkil edir. “Ona” aparan yolun könül xoşluğunu bütün genişliyi ilə özündə ehtiva edən bu kitabdakı yazılanlar həm də müəllifin həyata baxışını ortaya qoyur.
“O...” oxucularla görüşə hökm yox, sadəcə, “öyrən, dərk et, yadda saxla” ünvanı kimi gəlmişdir. Hər bir oxucuya ağır və çətin sınaqların asan yolunu tapmağa yardımçı olan bu kitab, həm də hər bir kəsi düzlüyə, haqqa, işığa doğru aparır.
Kitabda müəllifin jurnalist kimi müxtəlif ölkələrə səfərləri zamanı etdiyi qeydlər, yazdığı məqalələr, hekayələr, esselər, dəyərli fikirlər yer almışdır.
Müəllifin “Uğuru çalışmadan qazanmağın mümkünsüzlüyünü gördüm və zəhməti öyrəndim”, “Ən böyük sərvətin yaxşılıq olduğunu gördüm və insan olmağı öyrəndim”, “Ölmədən öncə ölməyin nə olduğunu öyrəndim” və onlarla belə özünəməxsus fikirləri insanı düşünməyə, həyatı dərk etməyə, mübariz olmağa çağırır.
Nəşrdə yer almış “Həyatı dəyişən səfər”, “ Öyrəndim...”, “İnsanı çətinliklər böyüdür”, “Şamları sönməyə qoymayın!” və digər başlıqlı yazıların hər biri oxunaqlı olduğu qədər də, insana yeni nəsə deyir, maraqlı, ibrətamiz misalları ilə hər kəsi müdrikliyə, böyüklüyə səsləyir.
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin xətti ilə “Elm və təhsil” nəşriyyatında çap olunmuş 300 səhifəlik bu kitabın redaktorları Sərvaz Hüseynoğlu və Əkbər Qoşalıdır.
Qənirə Paşayeva kitabın satışından gələn bütün gəliri ağır xəstəliyə düçar olmuş və uzun müddətli müalicəyə ehtiyacı olan dəyərli bir şairə bağışlamışdır.

AzərTac