Heydər Əliyev Mərkəzində Berlin Filarmoniyasının nəfəsli alətlər kvintetinin konserti keçiriləcəkdir
18.11.2013

Noyabrın 23-də Berlin Filarmoniyasının nəfəsli alətlər kvinteti ilk dəfə olaraq Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcəkdir.
Bu barədə Heydər Əliyev Mərkəzindən məlumat verilmişdir.
Heydər Əliyev Mərkəzinin mədəniyyətin inkişafına dəstək, dünya incəsənət nümunələrinin Azərbaycanda təbliği layihəsi çərçivəsində təşkil olunacaq klassik musiqi gecəsində dünya şöhrətli bəstəkarlar Motsart, Anton Reyxa, Dalius Milhaud və Karl Nilsenin əsərləri səslənəcəkdir.
Berlin Filarmoniyasının nəfəsli alətlər kvinteti 1988-ci ildə yaradılmışdır və Filarmoniyanın tarixində təsis olunmuş ilk daimi kvintetdir.
İfaları ilə dinləyiciləri heyran edən kvintet Avropada, Avstraliyada, İsraildə, Uzaq Şərqdə, Şimali və Cənubi Amerikada konsertlər vermişdir. Bundan başqa, ansambl Berlin, Edinburq, Salzburq festivalları, Marsel Kvintet Biennallesi kimi beynəlxalq tədbirlərin ən populyar iştirakçılarından olmuşdur.

AzərTac