Azərbaycanlı musiqiçilər TÜRKSOY kamera orkestrinin tərkibində çıxış edəcəkdir
29.7.2011

TÜRKSOY-un 2010-cu ildə yaradılmış kamera orkestri Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, habelə Koreya Respublikasından olan gənc ifaçıları yenidən bir araya gətirəcəkdir.
Avqustun 2-də orkestrin Ankaradakı konsertində Bakı Musiqi Akademiyasının tələbələri Mustafa Mehmandarov (skripka), Elvin Nəcəfov (alt) və Narim Musayev (skripka) də iştirak edəcəklər. Postsovet məkanındakı türkdilli dövlətlərin müstəqilliyinin 20-ci ildönümünə həsr olunan konserti qazaxıstanlı dirijor Ənvər Əkbərov idarə edəcəkdir. Konsertdə klassik Qərb və müasir türk bəstəkarlarının musiqiləri səslənəcəkdir.
Daha sonra kamera orkestrinin TÜRKSOY-a üzv ölkələrə qostrol səfərləri nəzərdə tutulur.