Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın 80 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçirilib - FOTO
20.11.2013

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi Gülarə Əliyevanın 80 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçirilib.

Anım tədbirində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Ombudsman Elmira Süleymanova, ədliyyə naziri Fikrət Məmmədov və başqa hökumət və dövlət rəsmiləri, ziyalılar iştirak ediblər. Əbülfəs Qarayev jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, G. Əliyevanın xatirəsinə həsr olunan kitab çapa hazırlanır: “Gülarə Əliyeva böyük sənətkar idi və onun xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaq. O, özündən sonra böyük bir musiqi irsi qoyub getdi və həmin irs bu gün də yaşamaqdadır. “Dan ulduzu” ansamblı Azərbaycan musiqi mədəniyyətinin böyük səhifəsidir. Nazirlik Gülarə Əliyeva haqqında kitab nəşr edəcək”.

Anım mərasimində çıxış edən millət vəkili Rafael Hüseynov G. Əliyeva haqqında fikirlərini bildirib, xatirələrini danışıb: “Gülarə Əliyeva xoşbəxt sənətkar idi. Biz onun haqqında təkcə böyük sənətkar kimi yox, həm də Azərbaycan musiqi mədəniyyətinin hadisəsi kimi danışmalıyıq. “Dan ulduzu” ansamblı onun üçün kiçik dünya idi və o, bu dünyada özünü xoşbəxt hiss edirdi”.

Tədbirdə çıxış edən bəstəkar Ramiz Mirişli bildirib ki, G. Əliyeva fitri istedada malik sənətkar olub: “Azərbaycanın gənc musiqiçilərinin yetişməsində “Dan ulduzu” ansamblının böyük rolu olub. Gülarə xanım fitri istedada malik gözəl sənətkar idi. Üzlərinə baxmadan deyə bilərdi ki, pianoda ifa edən kimdir. Bu cür musiqini duymaq, hiss etmək hər adama nəsib olmur”.

Xatirə gecəsində “Dan ulduzu” ansamblının müşayiəti ilə Almaz Orucova, Şəhla Həmidova, Rövşən Əziz və başqaları müxtəlif musiqi əsərləri ifa ediblər.

Qeyd edək ki, Gülarə Əliyeva 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Konservatoriyasını bitirib. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, Ə. Dadaşov adına xalq çalğı alətləri ansamblında işləyib. 1966-ci ildə “Dan ulduzu” instrumental ansamblını yaradıb. 1966-1988-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Musiqi Nəzəriyyəsi kafedrasının müdiri olub.

APA