Bakıda “Gənc Qadın Liderlərin Beynəlxalq konfransı” keçirilir
20.11.2013

Bakıda “Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun və UN-Habitatın dəstəyi ilə “Gənc Qadın Liderlərin Beynəlxalq konfransı” keçirilir.
Konfransda bir sıra Qərbi və Şərqi Avropa ölkələrinin lider qadınlarının fəaliyyət təcrübəsi barədə presentasiyalar təqdim edilib.

Təşkilatın sədri Vüsalə Hüseynli deyib ki, bu gün liderlik bacarıqlarının artırılması ilə bağlı ölkəmizdə gənclər üçün müxtəlif proqramlar, təlimlər, düşərgələr keçirilir.

“Bizim layihədə isə hədəfimiz lider xanımların ictimai-siyasi proseslərdə, eyni zamanda biznes mühitində iş qadını olaraq aktiv iştirakının təmini ilə bağlıdır. Düşünürük ki, “Gənc Qadın Liderlərin Beynəlxalq konfransı”nda bu məsələnin yenidən gündəmə gəlməsi, müxtəlif ölkələrdən olan gənclərin öz təcrübələrini bölüşməsi, eyni zamanda onların Azərbaycan təcrübəsi ilə tanış olmalarına şəraitin yaradılması, gənc qadın liderlərin fəaliyyətini stimullaşdırmış olacaq”.

Millət vəkili Qənirə Paşayeva isə deyib ki, bu gün Azərbaycanda qadın zorakılığına qarşı mübarizə artıb.

“Bu da onu göstərir ki, biz toplum olaraq bu məsələdə maraqlıyıq. Deyə bilərəm ki, bu sahədə xeyli uğurlar əldə olunub. Ancaq həllini gözləməkdə olan problemlər də var. Uğurlarımıza əsasən, qadınların parlamentdə təmsilçiliyinin, bələdiyyələrdə iştirakının və digər qurumlarda olması daxildir. Qızlarımızın təhsili isə ən öndə gedən məsələlərdəndir. Birinci xanımımız Mehriban Əliyeva da bu mövzunu daim diqqət mərkəzində saxlayır. Deyim ki, bu məsələ ilə təkcə parlament, dövlət qurumları deyil, hər bir vətəndaş maraqlanmalı və üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Çalışmalıyıq ki, qadınlarımızın hər sahədə rolunu artıraq. Qadınlarda özünə inam hissini artırmalıyıq və bu yolda onlara dəstək olmalıyıq”.

Millət vəkili vurğulayıb ki, bəzən bu cür tədbirlər sadəcə böyük şəhərlərlə yekunlaşır.

“Biz bu cür konfransları regionlarımızda, kəndlərimizdə daha çox təşkil etməliyik. Biz o qızlarımızla, onların valideynləri ilə danışıqlar aparmalıyıq”.
Prezident Administrasiyasının məsul işçisi Vüsal Quliyev də bu cür tədbirlərin qadınlar üçün əhəmiyyətindən danışıb.

“Bu gün Azərbaycanda qadınlarımıza dəstək olacaq bir çox qurumlar fəaliyyət göstərir. Həmçinin, qadınlar üçün bir çox qanunlar imzalanıb. Lakin etiraf edək ki, qadınlarmızın çoxu öz hüquqlarını bilmirlər. Düşünürəm ki, bu cür tədbirlər çox təşkil edilərsə qadınlarımız öz hüquqları haqda daha çox məlumat əldə etmiş olar”.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə vurğulayıb ki, Azərbaycanda qadınlar hər zaman kişilərlə bərabər liderliyə can atıblar.

“Etiraf edək ki, bir müddət öncə onlara qarşı münasibət sərt olub. Ancaq zamanla bu dəyişib. Bu gün əgər bu cür konfranslar keçirilirsə, deməli, qadınlarımız özləri də aktivliyə can atır. Biz də təşkilat olaraq bu cür layihələri dəstəkləyirik”.

Daha sonra konfrans əcnəbi və yerli qonaqların məruzələri ilə davam edib.

gun.az