Birinci Bakı Beynəlxalq turizm filmləri festivalı Azərbaycanla iştirakçı ölkələr arasında mədəni əlaqələrin qurulmasına və inkişafına xidmət edəcəkdir.
Bu sözləri noyabrın 20-də festivalın açılışı ilə bağlı Nizami Kino Mərkəzində keçirilən mətbuat konfransında çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov demişdir.
Daha sonra çıxış edən münsiflər heyətinin üzvü Turizm Film Festivalları Beynəlxalq Komitəsinin direktoru Aleksandr Kammel və digər çıxış edənlər festivalın böyük əhəmiyyət daşıdığını və bu ekran əsərlərinin kinematoqrafçılar arasında yeni əlaqələrin qurulması üçün bir vasitə olacağını söyləmişlər.
Bildirilmişdir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı ekran əsərlərini aşkara çıxarmaq və müəllifləri həvəsləndirməkdir. Festival, həmçinin, diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi qarşısına məqsəd qoymuşdur.
Festival Azərbaycan və Fransa kinematoqrafçılarının birgə ekranlaşdırdıqları “Qafqaza qayıdış” filminin nümayişi ilə açılmışdır.
41 ölkədən 250 filmin daxil olduğu və ümumilikdə yeddi kateqoriyada keçiriləcək festivalda hər kateqoriya üzrə ilk üç yerə layiq görülən filmlərə hədiyyə və pul mükafatları veriləcəkdir.
Birinci Bakı Beynəlxalq turizm filmləri festivalı çərçivəsində müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı, seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri arasında fikir mübadiləsi olacaqdır.
Festivalın rəsmi sponsoru “Garant Holding”, sponsoru “Nar Mobile”, rəsmi tərəfdaşı “JW Marriot Absheron Baku Hotel”, informasiya dəstəkçiləri İctimai TV, APA və day.az saytıdır.
AzərTAc