Hollivud aktyoru Leonardo Di Kaprionun xeyriyyə fondu Nepalda pələnglərin sayının artırılması proqramı üçün Dünya Vəhşi Təbiəti Mühafizə Fonduna (DVTMF) 3 milyon dollar vəsait ayırıb.
Gün.Az İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə Təbiəti Mühafizə Təşkilatının məlumatında bildirilir.
“Qrant Dünya Vəhşi Təbiəti Mühafizə Fonduna Nepal hökuməti və yerli əhali ilə əməkdaşlıqda brokonyerliklə mübarizənin gücləndirilməsi, mühüm ekologiya dəhlizlərinin bərpa edilməsi və pələnglərin çoxalması üzrə müşahidələrin davam etdirilməsinə imkan verəcək”, - deyə sənəddə qeyd olunub.
Planlaşdırılır ki, bu tədbirlərin həyata keçirilməsi 2022-ci ilədək, yəni Çin təqviminə görə, növbəti Pələng ilinədək Nepalda bu yırtıcıların sayının iki dəfə artırılmasına imkan yaradacaq.
Fond qeyd edir ki, Di Kaprionun bundan əvvəlki maliyyə ianələri ilə Nepalın Bardiya Milli Parkı qoruğundakı pələnglərin sayını 18-dən 50-dək artırmaq mümkün olub.
“Dünyanın vəhşi təbiətində təqribən 3,2 min pələng qalıb. Onlar yaşayış yerlərinin məhv edilməsi və brokonyerlik təhlükəsi ilə üz-üzədir”, - deyə DVTMF-nın idarə heyətinin üzvü olan Di Kaprio bildirib.
Gün.Az