Moskvada Azərbaycanın tanınmış yazıçısı və jurnalisti Elçin Səfərli ilə görüş keçirilmişdir. Görüş “Biz sənə inanırıq!” mədəniyyət mərkəzi tərəfindən təşkil olunmuşdur.
“Biz sənə inanırıq!” mərkəzinin nümayəndəsi Elvin Müzəffərli görüşü açaraq tədbirin təşkilinə kömək göstərdiklərinə görə Ümumrusiya Azərbaycan Konqresinə, Azərbaycan mədəniyyətinin inkişafı və dirçəlişi fonduna, Azərbaycanın Rusiyadakı səfirliyinə minnətdarlığını bildirmişdir.
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova qeyd etmişdir ki, Elçin Səfərli rusdilli Azərbaycan ədəbiyyatı ənənəsini davam etdirir ki, bu da indiki vaxtda xüsusilə aktualdır. N.Axundova demişdir: “Elçinin öz yaradıcılığında təbliğ etdiyi yüksək etalonlar bir növ mərdlik məktəbidir. Təəssüf ki, hazırda ülvi məhəbbət ənənələri itib gedir. Elçin bu yüksək amalı yaşadır və əslində həyatda hər şeyin necə olmalı olduğunu göstərir”.
Yazıçı E.Səfərli öz yaradıcılığından, əsərlərində toxunduğu mövzulardan danışmış, oxucuların suallarına cavab vermişdir. Görüş çərçivəsində müəllifin “Xoşbəxtlik reseptləri” adlı yeni kitabının təqdimatı olmuşdur.
Populyar Azərbaycan yazıçısı Elçin Səfərli rus dilində yazdığı əsərlərində Şərq mədəniyyətindən, məişətindən və ənənələrindən bəhs edir. E.Səfərliyə şöhrət gətirən onun “Bosforun şirin duzu” adlı ilk kitabı olmuşdur.
AzərTAc