Bakıya 2.5 metr hündürlüyündə robot gəlir
26.11.2013

Dekabrın 2-də Bakı Ekspo Mərkəzində Xəzər və Qafqaz regionlarının ən böyük olan tədbir - “Bakutel 2013” “Telekommunikasiya və İnformasiya texnologiyaları” sərgisi öz işinə başlayacaq.

Sərgi keçirildiyi illər ərzində yüksək texnologiyalar sahəsində əldə olunan nailiyyətlərin nümayişi üçün mühüm meydançaya çevrilib.

Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə əlaqədar olaraq, “BakuTel” sərgisinin təşkilatçıları ənənəvi və zəngin proqramla yanaşı, bu mühüm tədbiri layiqincə qeyd etmək üçün parlaq sürprizlər də hazırlayıblar.

Bu sürprizlərdən biri də “BakuTel” sərgisində “Titan” robotunun iştirakı olacaq.

“Titan” robotu Tokiodan tutmuş Vankuverə qədər bütün dünya ölkələrində olub. Bu robot Əbu-Dabidə Qran-pri Formula 1 yarışında (“ABU DHABI F1 GRAND PRIX”) qonaq olmuş və iri şirkətlərin, eləcə də məşhur brend və markaların təqdimatlarında iştirak etmişdir.

“Titan” robotu dünya miqyaslı superulduz Rihannanın konsert turnesini də uğurla müşayiət etmişdir. “Titan” robotunun Uill Smit (Will Smith), Ceki Çan (Jackie Chan), Robert Douni-oğul (Robert Downey Jr), Adam Sandler (Adam Sandler), Keyti Perri (Katy Perry), Stiv Karel (Steve Carell), Snup Doq (Snoop Dogg), Castin Biber (Justin Bieber), Kris Rok (Chris Rock) və Teylor Svift (Taylor Swift) kimi məşhurlar üçün kəşfində Rihannanın simvolik rolu vardır.

“Titan” həmçinin çox məşhur “Canlı polad” (“Real Steel”) döyüş filminin epizodik obrazı olaraq, Hyu Cekman (Hugh Jackman) və rejissor Şavn Levi (Shawn Levy) ilə birlikdə bu filmin premyeralarında iştirak edib.

“Titan” Britaniyanın ən reytinqli “Daybreak” səhər televiziya şousunun tez-tez qonağı olur, eləcə də aparıcı Polyanna Vudvord (Pollyanna Woodward) ilə birlikdə “The Gadget show” proqramının çoxsaylı buraxılış və səhnələrində daim iştirak edir. “Titan” bir neçə dəfə “BBC” kanalında da olmuşdur.

2.5 metr hündürlüyü olan “Titan” robotunun ABŞ-dan hava nəqliyyatı ilə daşınması “Hummer” markalı bir neçə hərbi avtomobilin daşınması ilə eyni qiymətə başa gəlir. “Titan” ilə ilk görüş öz görkəm və dinamikası ilə auditoriyada təəssürat fırtınasına səbəb olur.

Eyni zamanda həm hərəkət edən, həm də insanlarla dialoq quran bu nəhəng robot onu görənləri şoka salsa da, bir neçə dəqiqədən sonra hamı onu sevməyə başlayır və insanlar ona yaxınlaşaraq toxunmaq istəyirlər.

Publika.Az