Azərbaycan Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsinə dair saziş imzalayıb
29.11.2013

Bu gün Vilnüsdə keçirilən 3-cü Şərq Tərəfdaşlığı sammitində Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb.

Sazişi Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov, Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Litva XİN rəhbəri Linas Linkeviçyus imzalayıb.

İmzalanma mərasimindən əvvəl çıxış edən Litva Prezidenti Dalya Qribauskayte, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy, Avropa Komissiyasının sədri Xose Manuel Barrozu sammiti tarixi hadisə adlandırıblar. Onlar “şərq tərəfdaşları” ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar, eyni zamanda Azərbaycanı təbrik ediblər.

Saziş Şengen vizası almaq üçün tələb olunan 60 avronun 30 avroya endirilməsi, vizanın verilməsi üçün tələb edilən günlərin və sənədlərin sayının azaldılmasını nəzərdə tutur.

Daha əvvəl Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin fəaliyyətdə olan rəhbəri Toralf Pilts bildirib ki, bu sənəd readmissiya sazişi imzalanmadan qüvvəyə minməyəcək.

“Readmissiya üzrə proses hələ ki, yekunlaşmayıb, orda bəzi texniki məsələlərə aydınlıq gətirilməlidir. O da yəqin ki, 2014-cü ilə qalacaq”, o bildirib.


Gün.Az