“Bakutel-2013” 19-cu Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin açılışı ilə bağlı noyabrın 29-da Bakıda mətbuat konfransı keçirilmişdir.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin və sərgi təşkilatçılarının iştirakı ilə keçirilən tədbirdə bildirilmişdir ki, sərgidə son illər Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə olunan nailiyyətlər nümayiş etdiriləcəkdir. Dünyanın 25-dən çox ölkəsindən, o cümlədən Belarus, Çin, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, Yaponiya və digər ölkələrdən 269 şirkətin sərgidə iştirakı gözlənilir. Ənənəvi olaraq, aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur markaların distribyutorları sərgidə çıxış edəcəklər. Builki sərginin fərqləndirici cəhəti çoxsaylı milli stendlərin iştirakı olacaq və bu stendlər sərgidə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə iştirak edirlər. Belarus, Macarıstan, İsrail, İspaniya, Kanada, Latviya, Litva, Fransa, Xorvatiya, Estoniyan və bir sıra digər ölkələrin milli stendləri də sərgidə geniş şəkildə təqdim olunacaqdır. Əfqanıstan, İtaliya, İraq və ABŞ-dan olan milli qruplar isə tədbirdə ilk dəfə iştirak edəcəklər.
AzərTac